Naftalanda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Naftalan şəhərində silsilə tədbirlər keçirilir.
Keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə şəhərin Səfikürd kəndi istiqamətindən giriş hissəsində Bayraq Meydanının ətrafında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası kecirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Naftalan Şəhər Təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, ŞİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaqdır.
Aksiya iştirakçıları tərəfindən 100 ədəd zeytun, 40 ədəd eldar şamı ağacları əkilib. Həmçinin ağacların dibinə küləkdən qorunması üçün dirəklər basdırılıb və suvarılması təmin edilib.