Naftalanda çoxmənzilli binalarda mövsümi hazırlıq işləri görülür
Naftalan Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları tərəfindən şəhərin çoxmənzilli yaşayış binalarında təmir, bərpa işləri aparılır. Belə ki, dam örtükləri, su novalçaları tullantılardan təmizlənir, su axıdıcıların yararsız hissələri yeniləri ilə əvəz edilir.
Eyni zamanda binaların işıqlandırılma sistemlərində olan nasazlıqlar aradan qaldırılır.
Bundan başqa İcra Hakimiyyəti və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları yaşayış binalarında tüstü bacalarına və havaçəkmə kanallarına baxış keçirib, müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə çoxmənzilli yaşayış binalarının sakinləri ilə maarifləndirici söhbətlər aparılmışdır.
Həmçinin binaların çardaqlarına çıxış üçün nəzərdə tutulmuş xüsusi nərdivanların, şəhər ərazisindəki yanğın su hovuzlarının, yaşayış binalarının zirzəmilərinin mövcud vəziyyəti yoxlanılmışdır. Hazırda yararsız vəziyyətdə olan nərdivanların təmir edilməsi, su hovuzlarının təmizlənməsi, zirzəmilərin təmizlənərək dezinfeksiya edilməsi işləri həyata keçirilir.















