Naftalanda beynəlxalq konfrans keçirilib
Naftalan şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu - (İKSAD), Naftalan Şəhər İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə "1-ci Beynəlxalq İbn-i Sina Sağlamlıq Elmləri” (Tibbi reabilitasiyada müasir yanaşmalar, təbii amillərin müalicəvi əhəmiyyəti) beynəlxalq konfransı keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransı açılış nitqi ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.e.d Mətanət Əfəndiyeva edib. M.Əfəndiyeva konfrans qonaqlarını və iştirakçılarını salamlayaraq öncə təlimin mahiyyəti haqqında qısaca məlumat verib. Daha sonra "Sağlamlıq amillərinin potensialına yeni yanaşmalar" mövzusu ilə məruzə edib.
Konfransın məqsədi tibbi reabilitasiyada müasir yanaşmalar və təbii amillərlə müalicə üsulları haqqında biliklərin artırılması və bu sahədə göstərilən tibbi xidmətin təkmilləşdirilməsinə, Azərbaycanın kurort amilləri olan naftalan nefti, müalicəvi palçıqlar, müxtəlif tərkibli mineral suların müalicəvi əhəmiyyəti haqqında beynəlxalq səviyyədə məlumatlandırmasına və sağlamlıq turizmin inkişafına yönəlib.
Rəsmi qonaqlar sırasında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Səhiyyə Nazirliyinin Səhiyyə Siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Adıyaman Universiteti elmi araşdırmalar xəstəxanasının professoru Şeyho Cem Yucetaş və digərləri iştirak ediblər.
Sonda məruzəçilər və konfrans iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunublar.