Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işini davam etdirib
Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, PMD Hospitality-nin birgə təşkilatçılığı ilə 2023-cü ilin 8 oktyabr tarixində “Naftalan-Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans işinə plenar iclas və panel müzakirələr ilə başlayıb.
Konfrans işinə başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçiriblər. Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası öz işinə başlayıb.
Konfransda Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov açılış nitqi ilə qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın, biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə ciddi uğurlar əldə edildiyini, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Elmi-Praktik Konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.
AMEA-nın Prezidenti, Millət Vəkili İsa Həbibbəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR Prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospitality” Baş tibb inzibatçısı Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə dövlət dəstəyi agentliyinin icraçı direktoru Aygün Əliyeva, Litva Respublikasının Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyə Respublikasının Yalova şəhərinin Bələdiyyə Başkan yardımçısı Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiya Federasiyasının Kazan şəhərinin Turizm İnkişafı komitəsinin Turizm Sənayesi İnkişafı şöbəsinin müdiri Anna Strelkova, Qazaxıstan Respublikasının Astana şəhərinin Daxili Siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistan Respublikasının Tibbi Turizm Assosiasiyasının prezidentinin müavini Axmad Axmedov çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarını xüsusi vurğulayıblar.
Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyyələr hazırlamaq, eyni zamanda beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği və təşviqinə imkanlar yaratmaqdır.
İki gün davam edən Beynəlxalq Konfransa 8 xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100 dən çox iştirakçı qatılıb.