Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb

07 oktyabr 2023 | 18:53

Naftalanda Beynəlxalq Elmi-Praktik Konfransın keçirilməsində əsas məqsəd tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.

Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Qazaxıstan, Özbəkistan Respublikalarının, Almaniya Federativ Respublikasının, Rusiya Federasiyasının turizm, səhiyyə, sanator-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Konfransın ilk günü iştirakçılar tərəfindən Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

İştirakçılar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olub.

Konfrans çərçivəsində iştirakçılar şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib. 

Bu da Naftalanda alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcək.

Daha sonra kənd ərazisindəki Nar bağına səfər edilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.

Konfrans iştirakçıları Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma  və bərpa  işləri ilə tanış olub, qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Naftalan–Talış–Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi region turizminin inkişafında mühüm əhəmiyyət kəsb edib.

Konfransın plenar iclası və panel müzakirələri növbəti gün davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin oktyabrında da beynəlxalq konfrans keçirilmişdir. İki gün davam edən Beynəlxalq Konfransa bir sıra xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılmışdır.

Keçidlər