Naftalanda ağacəkmə və abadlıq işləri aparılır
“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə təşkili üçün yol kənarlarının səliqəyə salınması, zəruri infrastrukturun hazır vəziyyətə gətirilməsi ilə bağlı Naftalan şəhərində də hazırlıq işləri görülür.
Həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yol kənarlarında, şəhərin küçə və prospektlərində leylandra, eldar şamı, oleandr, ligustrum həmişəyaşıl ağacları əkilir. Yeni əkilən ağaclara və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, ərazidə geniş təmizlik və abadlıq işləri aparılır.
Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının 4-cü mərhələsi 13.05.2026-cı il tarixdə keçiriləcək. Bu mərhələdə iştirakçılar Gəncə şəhərindən start götürərək Göygöl, Goranboy, Tərtər rayonları və Talış, Suqovuşan kəndləri ərazilərindən keçməklə Naftalan şəhər Heydər Əliyev meydanında finiş xəttini keçəcəklər.















