Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan və İvaniç-Qrad şəhərləri qardaşlaşıb

13 iyun 2023 | 14:30

Xorvatiya Respublikasının İvaniç-Qrad şəhəri və Naftalan şəhəri arasında əməkdaşlıq Xartiyasının imzalanması ilə əlaqədar geniş tədbir keçirilib. Şəhər gününə təsadüf edən tarixdə öncə Azərbaycan nümayəndə heyəti tədbir iştirakçıları ilə birlikdə Xorvatiya Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Daha sonra İvaniç-Qrad Şəhər Şurasının böyük zalında baş tutan 200 nəfər iştirakçının və şəhər aktivinin qatıldığı rəsmi tədbirdə Naftalan nümayəndə heyəti – ŞİH başçısı Vüqar Novruzov və ŞİH-nin Sektor müdiri Ülfət Əliyev, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasov iştirak ediblər.

Hər iki şəhər arasında dostluq və əməkdaşlıq haqqında Xartiya imzalanıb. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Leš imzalayıb. Xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turistik əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir.      

İmzalanmadan sonra hər iki şəhər rəhbəri çıxış edib, qarışılıqlı hədiyyələr təqdim edilib.

Günün sonunda keçirilən ikitərəfli görüşdə Naftalan ŞİH başçısı, İvaniç-Qrad şəhərinin meri, Zaqreb regional əyaləti rəhbərinin müavini Ervin Kolarec, Zaqreb regional əyalətinin Səhiyyə, Sosial Rifah və Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Ćulyak iştirak edib. Görüşdə vurğulanıb ki, Xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaqdır. Həmçinin, görüşdə Naftalan və İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunub. Sonda İvaniç-Qrad şəhərinin meri və nümayəndə heyəti Azərbaycana, Naftalan şəhərinə dəvət olunublar.

Qeyd edək ki, Naftalan şəhərini bundan öncə daha müxtəlif dörd ölkənin şəhərləri ilə imzalanmış qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir.

Keçidlər