Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kənd sakinləri ilə görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərin Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri ilə görüş keçirib.
Görüşdə hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.
Daha sonra sakinlər onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət olunublar.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib. Problemlərin qısa müddətdə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Vurğulanıb ki, nəzarətə götürülmüş bütün müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
Sakinlər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.















