Naftalan nefti Beynəlxalq Konfransda müzakirə olunub
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 4-5 noyabr tarixlərində Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilib.
Konfransda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin təmsilçilərini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Konfransda çıxış edən natiqlər Azərbaycanın sağlamlıq turizmi sahəsindəki potensialından, bu istiqamətin inkişafında dövlət dəstəyinin əhəmiyyətindən və qarşıda duran prioritetlərdən bəhs ediblər. Ölkənin təbii müalicəvi resurslarının, tibbi infrastrukturunun və tarixi-mədəni irsinin sağlamlıq turizmi məhsullarının şaxələndirilməsi üçün mühüm imkanlar yaratdığını bildiriblər. Tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd ediblər. Tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıblar. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Konfransa videomüraciət ünvanlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus tibbi turizmin inkişafı ilə yanaşı, pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının, tibbi xidmətlərin keyfiyyətinin və müalicədən sonrakı tibbi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, sağlamlıq turizminin milli səhiyyə sisteminin məqsədlərini dəstəkləməli olduğunu qeyd edərək, Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini alqışlayıb.
Tədbir çərçivəsində tibbi turizmin inkişafı üzrə strateji prioritetlər, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi və bu sahədə dövlət qurumları, səhiyyə müəssisələri və digər maraqlı tərəflər arasında koordinasiyanın əhəmiyyəti, tibbi xidmətlərin keyfiyyəti, marketinq və rəqəmsal həllərin tətbiqi mövzularında panel müzakirələr aparılıb. Azərbaycanın təbii müalicəvi resursları, Naftalan neftinin xüsusiyyətləri, tarixi istifadəsi və tətbiq sahələri, eləcə də fərdiləşdirilmiş və təcrübəyönümlü xidmətlərin inkişaf, müasir turizm bazarında sanatoriyaların mövqeləndirilməsi kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Konfrans müddətində təşkil olunan sərgidə yerli və beynəlxalq təşkilatlar tərəfindən sağlamlıq turizmi və əlaqəli sahələr üzrə məhsul və xidmətlər nümayiş etdirilib.
Qeyd edək ki, sərgidə Naftalan şəhərində fəaliyyət göstərən Hotel və müalicə Mərkəzləri də iştirak edib.















