Mətbuat nümayəndələri ilə görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın 148-ci ildönümü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİHB aparatının məsul əməkdaşları, regionun mətbuat nümayəndələri iştirak ediblər.
İlk öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiribdir.
Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan milli mətbuatının olduqca böyük tarixi inkişaf yolu keçdiyini qeyd edərək kütləvi informasiya vasitələrinin insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsindən söhbət açıb. Ulu Öndərimizin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyindən bəhs edib. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən mətbuat nümayəndələri Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunmasını vurğulayaraq ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ŞİH tərəfindən mətbuat nümayəndələrinə Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyət istiqamətlərindən bəhs edən kitablar və xatirə hədiyyələri təqdim olunub.