Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının növbəti təlimi keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gəncə, Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Goranboy, Samux rayon İcra Hakimiyyətlərində yaradılmış müvafiq monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün təşkil etdiyi məişət zorakılığının qarşısının alınması mövzusunda növbəti tədbiri Göygöl rayonunda keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri iştirak edib.
Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etmək, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması məsələlərinin müzakirə edilməsidir.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, yerli icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova mövzu üzrə təqdimatla çıxış edərək, monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, bu sahədə qanunvericiliyə edilən yeni dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Təlimdə monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilib, suallar cavablandırılıb, iştirakçılara bukletlər təqdim edilib.















