Şriftin ölçüsü :

Saytın rəngi :

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb

27 noyabr 2025 | 10:43

Müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşən AHİK-in “Kurort Naftalan” sağlamlıq mərkəzində şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, müasir avadanlıqlarla təchiz edilib.

Tədbirdə AHİK-in sədri Sahib Məmmədov, Naftalan ŞİH başçısının müavini – icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, icra hakimiyyətinin məsul əməkdaşları, dövlət qurumlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir. 

Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cü nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin müalicəvi naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan müalicə prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya (hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları daxildir.

Keçidlər