“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 05 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar olaraq “Təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru, təhsil işçiləri iştirak edib.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçirib, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkə təhsilinin inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərdən bəhs edərək, onun müəllim əməyini hər zaman yüksək qiymətləndirdiyini vurğulayıblar. Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasından, ümumilikdə təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə sıx bağlıdır. Təhsilə qoyulan investisiya isə gələcəyə yönələn ən dəyərli sərmayədir. Tədbirdə çıxış edənlər 05 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək, cəmiyyətin tərəqqisində onların şərəfli əməyinin mühüm rola malik olduğunu qeyd ediblər. Müəllimlər ölkəmizdə təhsilin inkişafına və müəllimlərin əməyinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə “Heydər Əliyev və təhsil” filmi nümayiş olunub.















