İki İcra Hakimiyyətinin birgə sosial layihəsi
Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Naftalan və Tərtər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi və qazilər ölkəmizin sağlamlıq turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müalicə alır və istirahət edirlər.
İcra başçıları Vüqar Novruzov və Müstəqim Məmmədov Müalicə Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.
Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı qeyd edilib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların övladları, ailə üzvləri daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.
Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Yevlax, Abşeron, Nizami və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müayinə və müalicə alıb, istirahət ediblər.