İki icra hakimiyyəti tərəfindən reallaşdırılan növbəti sosial layihə
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinə və qazilərə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Naftalan ŞİH-nin və Tərtər RİH-nin birgə təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində reallaşan layihə çərçivəsində Tərtər rayonundan olan bir qrup şəhid ailəsi və qazi müalicə və istirahət üçün Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” Müalicə Mərkəzində Naftalan ŞİH-nin məsul əməkdaşları tərəfindən qarşılanıb.
Müalicə mərkəzində yerləşdirilən şəhid ailələrinə və qazilərə müalicə prosedurları barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sonra müalicə prosesinə başlayacaqları onların diqqətinə çatdırılıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müalicə Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.
Görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səmimi söhbət zamanı qeyd edilib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bacı və qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyev, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd ediblər ki, bu sosial layihə də ölkə rəhbəri tərəfindən onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində keçirilən görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, bu sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Abşeron, Nizami və Yevlax Şəhər İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müalicə alıb, istirahət ediblər.