İftar süfrəsi açılıb
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sun City Naftalan” Müalicə Mərkəzində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Tədbirdə ŞİH-nin başçısı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəhbəri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan bölməsinin Qazısı Hacı Anar Orucov, Seyid Yusif Ağa ocağının davamçısı Hacı Seyid Səbuhi Yusifov, Naftalan Şəhər Cümə Məscidinin İmamı, Şəhər Məscidinin icma sədri Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, müharibə əlilləri, həmçinin yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin başçısı qonaqları salamladıqdan sonra ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Digər natiqlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər.
İftar süfrəsi Müqəddəs Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib.
Şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Sonda Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən nəfis tərtibatlı müqəddəs Qurani Kərim kitabı qonaqlara hədiyyə olunub.