"İdmanı sev- sağlam ol" layihəsinə start verilib
Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İdmanı sev-sağlam ol" layihəsinə start verilib. Layihə çərçivəsində GİKM Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin dəstəyi ilə veloyürüş keçirilib. Veloyürüşdə həvəskar velosipedçilər iştirak ediblər.
İdman tədbirinin təşkilində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, ekoloji nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunması, xüsusən də uşaqlar və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Yürüşə müxtəlif yaş aralığında 40-dan artıq iştirakçı qatılıb. Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Heydər Əliyev parkı olmaqla ümumilikdə 2.5 km məsafə qət ediblər.
Onu da vurğulamaq istərdik ki, 2021-ci ildə ölkədə və Naftalanda ilk 7 km uzunluğunda velosiped həvəskarları üçün veloyol çəkilmişdir.