İcra başçısı vətən müharibəsi iştirakçısını evində ziyarət edib
Vətən müharibəsi müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov Vətən Müharibəsi iştirakçısı Həsənov Ceyhun Hacı oğlunu ziyarət edib. Ceyhunun və ailəsinin etdiyi müraciət əsasında onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb, fərdi yaşayış evi təmir olunub, həyəti abadlaşdırılıb. Şəhər rəhbəri Vətən Müharibəsi iştirakçısının evində aparılan təmir işləri ilə yaxından tanış olub, ailəyə bir sıra məişət əşyaları təqdim olunub. Ailə onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.