İcra Başçısı Vətən müharibəsi iştirakçıları ilə görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi v.m.i.e polkovnik-leytenant Xəyyam Babayevin, Vətən müharibəsi iştirakçılarının, qazilərin iştirakı ilə 8 noyabr-Zəfər Günü ərəfəsində keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər rəhbəri qeyd edib ki, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə, Şanlı Ordumuzun, xalqımızın, misilsiz qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin igidliyi sayəsində tarixi ədalət bərpa olundu. Dövlətimiz tərəfindən hər zaman Azərbaycanın mübariz övladlarının şücaətinin yüksək qiymətləndirildiyini vurğulayan natiq bunun davamı olaraq Naftalanın vətənpərvər övladlarının da “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu iştirakçıların diqqətinə çatdıraraq onları təbrik edib, onların hər birinin vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərən, döyüş tapşırıqlarını uğurla yerinə yetirən bir qrup Vətən müharibəsi iştirakçılarına təqdim edilib.
Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və dövlətimizə minnətdarlıqlarını bildiriblər.