Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiyada Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.
Ekskursiya zamanı tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla, eləcə də tarixi Zəfərimizi əks etdirən foto sərgi ilə tanış olublar. Onlara Ümummilli Lider Heydər Əliyevin bənzərsiz həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin müdrik rəhbərliyi və siyasi uzaqgörənliyi nəticəsində bu gün müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı təmin edilir.
Həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyəti və əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət suverenliyi bu gün hər bir vətəndaş üçün qürur mənbəyidir və gələcək nəsillərə əvəzolunmaz bir miras kimi ötürülür. Həmçinin diqqətə çatdırılıb ki, tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyaları gerçəyə çevirərək xalqımızın əzmini və birliyini bütün dünyaya nümayiş etdirmişdir.