“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir
“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə “Azərbaycan qadını və Heydər Əliyev siyasəti” adlı tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naftalan ŞİHB-nin müavini, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, Şəhid anaları, təhsil müəssisələrinin rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxış edənlər Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Həmçinin qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. Azərbaycan qadınının dünyaya nümunə olduğunu, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan natiqlər bildiriblər ki, məğrur, qəhrəman analarımızın böyütdüyü igid oğullar 30 il işğal altında qalan əzəli vətən torpaqlarımızı 44 gündə azad etməyi bacardılar.
Sonda şəhid analarına gül dəstələri və fəxri fərmanlar təqdim olunub.
Tədbirdə iştirak edən şəhid anaları onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.