“Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev Siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin başçısı, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, təşkilat və müəssisə rəhbərləri, ziyalılar iştirak edib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən icra başçısı bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. Bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəri, Vətən Müharibəsində qazanılan müqəddəs Qələbə tarixi fəaliyyətinin bəhrəsidir.
Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun xanımı Rübabə İsmayılova Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərinin əvəzsiz olduğunu qeyd etmiş və 90-cı illərdə Ulu Öndərlə görüşlərindən xatirələrini danışıb.
Digər çıxış edənlər qeyd ediblər ki, ömrünün hər anı ilə ölkəmizin siyasi təqvimində özünəməxsus yeri olan dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza və söz sahibinə çevirdi.
Tədbirin sonunda ŞİH başçısı Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsini YAP Naftalan şəhər təşkilatına hədiyyə edib.