"Gənc Liderlər üçün Yay Universiteti" layihəsi başa çatıb
Naftalan ŞİH və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 18-22 iyul tarixlərində Naftalan şəhərində "Gənc Liderlər üçün Yay Universiteti" layihəsində müxtəlif təlimlər və panel müzakirələr ilə yadda qalıb.
Panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər” mövzusunda, millət vəkili Naqif Həmzəyev “Gənclər nə istəyir?", “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində” mövzusunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Gimnastika Federasiyasının könüllülər proqramının rəhbəri, "Azərbaycan İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xaqani Fərəcov “Könüllülük və könüllülər proqramının idarə olunması", CyberPoint şirkətinin Marketinq və satış departament müdiri Mehman İsgəndərov və İnformasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı isə “Kiber hücumlara qarşı necə qorunmalı?” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
O cümlədən Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev və “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının iştirakı ilə baş tutan panel zamanı Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Fransanın Strasburq şəhərində təşkil olunan “Gənclərin hüquqlara çıxışı” seminarında qazanılmış bilik və təcrübə panelistlər tərəfindən gənclərlə bölüşülüb.
Həmçinin, "Enerjini Paylaş" devizi ilə komandalar arasında müxtəlif əyləncə proqramları təşkil olunub.