FHN-in Aran Regional Mərkəzi tərəfindən seminar keçirilib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhərində “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər” mövzusunda seminar keçirilib.
Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov və mərkəzin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Seminarda fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yolları müzakirə olunub.
İnteraktiv formatda davam etdirilən seminarda birgə fəaliyyətin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib, suallar cavablandırılıb.















