Əsrin dəhşətli faciəsi: Xocalı soyqırımı
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin faciəsinin dünya miqyasında tanınmasında Heydər Əliyevin liderlik missiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin əməkdaşları, YAP Naftalan Şəhər Təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi, dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən geniş söhbət açılıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan tamamilə təmizlənməsi, dövlət başçısının Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması soyqırımı qurbanlarının eləcə bütün şəhidlərimizin qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi, xalqımızı bütün dünyada qalib xalq kimi tanıtdı.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı videomaterial nümayiş olunub.