Əlilliyi olan şəxslərə sosial dəstək təlimi keçirilib
Naftalanda Şəhər İcra Hakimiyyətinin dəstəyi və Naftalan Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət planına əsasən “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi çərçivəsində “Depressiya nədir” mövzusunda sosial dəstək təlimi keçirilib. Təlimin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir.
Naftalanlı qazilər və bir qrup əlilliyi olan şəxslərlə yanaşı respublikamızın müxtəlif bölgələrindən Mərkəzdə müalicə olunan əlillər və qazilər təlimdə iştirak ediblər.
Təlimdə ölkəmizdə sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğının göstərilməsi, əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb.
Naftalan Reabilitasiya Mərkəzinin mütəxəssisləri tərəfindən depressiyanın yaranma səbəbləri, qarşısının alınması haqqında iştirakçılara ətraflı məlumat verilib, müzakirələr aparılıb.