Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin birgə təşkilatçılığı ilə Naftalanda “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri: Miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH başçısının müavini, Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə təşkilat və müəssisə rəhbərləri və digər məsul şəxslər iştirak edib.
Tədbirdə Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya idarəsinin nümayəndələri “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər”, “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər” mövzusunda məruzələrlə çıxış etdilər. Həmçinin, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə insan hüquqları kontekstində ətraflı məlumat verildi. Naftalan şəhərinin beynəlxalq turizm mərkəzi olaraq xarici turistlərin böyük maraq dairəsində olmasını nəzərə alaraq turistlər üçün rahat şəraitin yaradılması və problemlə qarşılaşmamaları üçün həmin turistləri qəbul edən sahibkarlıq subyektlərinin miqrasiya sahəsində Dövlət Miqrasiya Xidməti ilə əlaqəli şəkildə işlərinin təşkil olunmasının zəruriliyi də diqqətə çatdırıldı.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.