Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı qeyd edilmişdir
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Əhməd Həsənli və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının əməkdaşlarını təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayaraq qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidmətinin milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti tarixin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon şöbəsinin rəisi təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açaraq qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb.
Sonda Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon şöbəsinin məsul əməkdaşları Fəxri Fərmanlarla təltif olunublar.