“Cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamının 8.5.1, 8.5.2 və 8.5.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə “Cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxsin cəmiyyətə inteqrasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH-nin,Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Naftalan şəhər xidmət şöbəsinin və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası, məşğulluğunun təmin edilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə reinteqrasiyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, işlə təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi təkrar hüquqpozmaların qarşısının alınmasında mühüm rol oynayır.
Tədbirdə Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.22-ci və 24.9-cu maddələrinə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edildiyi, həmçinin özünüməşğulluq proqramlarına cəlb olunarkən onlara üstünlük verildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Naftalan şəhərində fəaliyyət göstərən Naftalan Central Wellness Resort tərəfindən cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxsin işlə təmin olunması istiqamətində həyata keçirilən təşəbbüs yüksək qiymətləndirilib. Bildirilib ki, hotelin sosial məsuliyyətə əsaslanan bu yanaşması həmin şəxslərin cəmiyyətə uğurlu reinteqrasiyasına, iqtisadi fəallığının və sosial rifahının yüksəlməsinə mühüm töhfə verir.
Çıxışlarda özəl sektorun bu kimi təşəbbüslərinin inklüziv cəmiyyətin formalaşmasına və dövlətin sosial siyasətinin həyata keçirilməsinə xidmət etdiyi vurğulanıb. Eyni zamanda, işlə təmin olunmuş şəxslərin uğurlu əmək fəaliyyəti nümunələrinin və işəgötürənlərin müsbət təcrübələrinin ictimaiyyətlə paylaşılmasının stereotiplərin aradan qaldırılmasına və məşğulluq imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Tədbirin sonunda iştirakçılar cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında dövlət qurumları, biznes subyektləri və ictimaiyyət arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyini bildiriblər.















