Beynəlxalq Turizm Mərkəzi yeni inkişaf yolunda
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 28 sentyabr 2024-cü il tarixdə sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə imzalanıb.
Bu ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb. Belə ki, doqquz ayda şəhərə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 33030 nəfər olub, onlardan 11791 nəfəri 40 ölkədən gələn xarici turistlərdir. İlk üçlükdə olan ölkələr Rusiya, Özbəkistan və Qazaxıstan təşkil edir. Həmçinin, qonaqlar arasında Belarusiyadan, İsraildən, Qırğızıstandan, Çindən, Türkiyədən, ABŞ və digər ölkələrdən olan turistlərdə çoxluq təşkil edir.
Hal-hazırda Naftalanda 3-ü beş ulduz olmaqla, ümumilikdə 20-ə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 1200 dən çox işçi çalışır.
Ötən ay yeni müalicə mərkəzinin “Nafta”-nın açılışı oldu. On mərtəbədən ibarət olan bina 78 otaqdan 164 çarpayıdan ibarətdir. Hotel və müalicə mərkəzlərinin sayının artması hotellər arasında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Həmçinin, əhalinin sosial rifahının artırılmasına müsbət təsir edir. Qeyd edək ki, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər.