Beynəlxalq Konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərdə olublar
“Naftalan - Sağlamlıq və Turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda Beynəlxalq Elmi - Praktik Konfransın davamı olaraq 09 oktyabr 2022-ci il tarixdə konfrans iştirakçıları ilk olaraq, unikal Naftalan nefti ilə yaxından tanış olub, neftin müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar.
Sonra iştirakçılar, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edərək, Suqovuşan qəsəbəsinin turizm potensialı və ərazidə yenidən qurma və bərpa işləri ilə tanış olublar. Həmçinin, qəsəbədə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturu Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcək.
Eyni zamanda xarici və yerli Konfrans iştirakçıları, səfər çərçivəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində mülki Şəhid Qurbanovlar ailəsini ziyarət ediblər.
Xatırladaq ki, iki gün davam edən Beynəlxalq Konfransda 6 xarici ölkənin nümayəndəsi, ümümilikdə isə 100 dən çox iştirakçı qatılmışdır.