Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailə dəyərləri və erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə ŞİH-nin, şəhər Qeydiyyat şöbəsinin əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin rəhbəri, tibb işçiləri, müəllimlər, valideynlər və məktəblilər, həmçinin AQUPDK yanında Uşaq Səfirlər Məclisinin yerli nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlarla baxış keçiriblər.
Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Həmçinin Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyi qeyd edilərək, müvafiq qanunvericilikdə nəzərdə tutulan cərimə və cəza tədbirləri haqqında ətraflı məlumat verilib.
Valideynlər mövzunun əhəmiyyətini vurğulayaraq, belə görüşlərin gənc nəslin maariflənməsi üçün vacibliyini qeyd ediblər.
Mövzu ilə bağlı video materiallar nümayiş olunub, bukletlər paylanılıb.