Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda II "Sağlamlıq Turizmi Konfransı 2025" keçirilib

16 oktyabr 2025 | 12:50

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 15-də Bakıda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən bir çox sağlamlıq və turizm müəssisələrinin nümayəndələri, dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılıb.

Konfransda sağlamlıq turizmi sahəsində görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edilib.

Konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir.

Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması, spa və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri, tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılıb.

Həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirakı ilə sərgi təşkil olunub. Sərgidə Naftalan neftindən hazırlanmış məhsullar iştirakçılara təqdim olunub.

Keçidlər