Bakıda "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu" tədbiri keçirilib
İqlim və Şəhərsalma Fəaliyyətlərinin D-8 Onillik Yol Xəritəsi ilə Uyğunlaşdırılması məqsədilə ilk dəfə “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” tədbiri keçirilib.
D-8 Onillik Yol Xəritəsi (2020-2030) və BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi-2030 tərəfindən istiqamətləndirilən bu proses hazırda ikinci icra mərhələsindədir (2023-2027). Bu mərhələ D-8 daxilində ticarətin genişləndirilməsinə, sektoral əməkdaşlığın gücləndirilməsinə və üzv ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətini və davamlılığını artıran konkret layihələrin həyata keçirilməsinə yönəlib.
D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksəksəviyyəli Dialoq tədbiri keçirilib.
Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş və Malayziya daxildir.
Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya D-8-ə sədrlik edəcək. İqlim və Şəhərlər üzrə D-8 Yüksəksəviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və D-8 regionundan olan Naftalan, Gəncə və Şəki şəhərlərinin rəhbərləri iştirak edib. Bu rəsmilər, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.















