“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib. İclasda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkəmizdə təşkil olunan velosiped yarışlarını xatırladaraq, 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm bir hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda Sea Breeze-dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində ölkəmizin 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.
Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının 4-cü mərhələsi 13.05.2026-cı il tarixdə keçiriləcək. Bu mərhələdə iştirakçılar Gəncə şəhərindən start götürərək Göygöl, Goranboy, Tərtər rayonlarının ərazilərindən keçməklə Naftalan şəhər Heydər Əliyev meydanında finiş xəttini keçəcəklər.















