ATV telekanalının əməkdaşları Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsini ziyarət ediblər
27 Sentyabr – Anım Günü ərəfəsində ATV telekanalının əməkdaşları Vətən Müharibəsinin ilk mülki şəhidləri olan Qurbanovlar ailəsini ziyarət ediblər. Görüş zamanı çəkiliş qrupu ailənin evində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış xatirə otağı ilə tanış olub, burada onların həyat yolunu əks etdirən foto şəkillərə və şəxsi əşyalara baxış keçirib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş zamanı ailənin üzvü Nadir Qurbanov ailə üzvləri ilə bağlı xatirələrini bölüşüb və dövlətimiz tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə, eləcə də yaradılan şəraitə görə ölkə rəhbərinə dərin minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvünün həyatı faciəvi şəkildə sona çatdı.















