“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində ilk tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin tərəfdaşlığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində ilk anım tədbiri keçirilib.
Tədbirin məqsədi böyük el sənətkarı Aşıq Ələsgərin zəngin yaradıcılıq irsinin təbliği, onun sənət dünyasının geniş ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılması, Azərbaycan aşıq sənətinin və milli-mənəvi dəyərlərimizin yaşadılması olub.
Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov qonaqları salamlayaraq Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması və Bakı şəhərində heykəlinin ucaldılması ilə bağlı imzalanmış sərəncamların böyük söz ustadının irsinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi və layihə rəhbəri Xətai Ələsgərli çıxışında ustad sənətkarın həyat və yaradıcılığından ətraflı bəhs edib, onun poeziyasının milli-mədəni dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək iştirakçılara sənətkarın zəngin irsini bir daha xatırladıb.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev çıxışında “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi barədə geniş məlumat verib. O bildirib ki, layihə çərçivəsində keçiriləcək tədbirlər Aşıq Ələsgər irsinin təbliği və aşıq sənətinin yaşadılması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Növbəti çıxışçı Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi və əməkdar müəllim, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü İbadulla Ağayev çıxışında Aşıq Ələsgərin Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. O, ustad sənətkarın yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tibb üzrə fəlsəfə doktoru, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Hacı Abbas Bağırov isə çıxışında Aşıq Ələsgərin klassik aşıq şeirini məzmun və forma baxımından zənginləşdirərək şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatın estetik səviyyəsinə yüksəltdiyini bildirib. O qeyd edib ki, ustad sənətkar ana dilinin saflığını qoruyaraq milli poeziyaya realizm, təbiət sevgisi, dərin fəlsəfi düşüncə və yeni aşıq məktəbi gətirib.
Qərbi Azərbaycan İcmasının Naftalan şəhəri üzrə nümayəndəsi Nicat Ələsgərov çıxışında Aşıq Ələsgərin Azərbaycan aşıq məktəbinin formalaşması və inkişafındakı müstəsna rolundan danışıb. O vurğulayıb ki, ustad sənətkarın yaradıcılığı bu gün də aşıq sənətinin əsas dayaqlarından biri kimi yaşayır və yeni nəsil sənətkarlar üçün örnək rolunu oynayır.
Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Aşıq Haxverdi Kərəmoğlu, Aşıq Əfqan Məmmədov, balaban ifaçısı Şahmirzə Məmmədov, Aşıq Elbrus Kəlbəcərli, gənc şairə Gülnar Samilqızı, Aşıq Mansır Kərəmoğlu və Aşıq Fəxrəddin İsayev çıxış edərək Aşıq Ələsgərin yaradıcılığından nümunələr təqdim edib, aşıq havaları və şeirlər səsləndiriblər. İfa olunan musiqi nömrələri və poetik nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.















