“Anım Günü” ərəfəsində silsilə tədbirlər davam etdirilir
Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrində 27 sentyabr “Anım Günü” ərəfəsində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şəhid ailələri, ŞİH-nin məsul əməkdaşları, təhsil işçiləri, ziyalılar, məktəblilər iştirak edib.
“Qəhrəmanlıqla yazılan tarix”, “Əbədiyyət zirvəsinə ucalanlar” mövzularında keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları rəsm və əl işlərindən ibarət sərgilər nümayiş etdirilib. Həmçinin Anım Gününə həsr olunmuş video materiallar iştirakçılara təqdim olunub.
Çıxış edənlər tarixi günün mahiyyətindən bəhs edərək qeyd ediblər ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli ordumuzun şücaəti, şəhidlərimizin fədakarlığı sayəsində bu gün xalqımızın yaddaşında qəhrəmanlıq, qürur və ehtiram günü kimi əbədi yer alıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən şərəfli səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli kimliyinin və iradəsinin bütün dünyaya nümayişi oldu. Qazanılan Zəfərdən sonra Azərbaycanın dünyada artan qüdrəti və nüfuzu daha da möhkəmləndi.
Tədbirlər məktəblilərin hazırladıqları ədəbi-bədii proqramla davam etdirilib.















