Akademik Zərifə xanım Əliyevanın anadan olmasından 102 il ötür
Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş "Zərif Ruhun Zirvəsi" adlı tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru, YAP Naftalan şəhər təşkilatının sədri, tibb işçiləri, ziyalılar iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Mərkəzi Xəstəxana PHŞ-nin direktoru Samir Allahverdiyev çıxışında bildirib ki, elmi sahədə qazandığı uğurları, insani dəyərlərə söykənən xeyirxah fəaliyyəti və mənəvi ucalığı ilə xalqımızın qəlbində silinməz iz buraxan əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyeva, tibb elminə verdiyi töhfələri və nümunəvi şəxsiyyəti ilə Azərbaycan tarixinin əvəzsiz simalarından biri kimi əbədi yaddaşlara həkk olunmuşdur.
Digər çıxış edənlər qeyd edib ki, görkəmli alimin oftalmologiya sahəsində apardığı dərin tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər və yazdığı elmi əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Onun mənalı ömür yolu və zəngin elmi irsi hər bir vətəndaş, xüsusilə də elm və tibb xadimləri üçün kamillik və mənəviyyat məktəbidir. Zərifə xanım haqqında xatirələr səsləndirilib, onun Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident cənab İlham Əliyevi yetişdirən qayğıkeş ana və əsl Azərbaycan qadını kimi daim qəlblərdə yaşayacağı qeyd olunub.
Tədbir çərçivəsində Zərifə xanımın xatirəsinə həsr olunmuş göz müayinəsi aksiyası keçirilib.