2019-cu ildə Naftalan rekord həddə - 40 min turist qəbul edib
Respublikamızda qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən olan turizm bir çox bölgələrin, xüsusən də müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir.
Son illərdə ölkəmizdə görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqe, keçirilmiş beynəlxalq tədbirlər, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq respublikamızda, eləcə də Naftalanda turizmin inkişafına böyük təkan verib. 2019-cu ildə Naftalana olan turist səfərləri rekord həddə çatıb - şəhərə 40 min turist gəlib. Onlardan 40 faizi dünyanın 61 ölkəsindən gələnlər olub.
Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna, Belarus, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Bəhreyn, Qətər, İran, Çin, Estoniya, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan və Kanadadan olan turistlər də buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər.
Qeyd edək ki, hazırda Naftalanda 11 turizm obyekti fəaliyyət göstərir və burada bir gündə 2500-dən çox turist müalicə ala və istirahət edə bilər. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində, ümumilikdə, 3500-ə yaxın turistə otel və müalicə xidmətləri göstərmək imkanı olacaqdır.