Naftalan şəhər ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Ümumtəhsil məktəblərində 15.01.2020-ci il tarixdə dəyirmi masa və konfrans keçirilib. Hər il olduğu kimi keçirilən tədbirlərdə 20 Yanvar faciəsinin qurbanları anılıb, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunub.
Ümumtəhsil məktəblərinin tarix müəllimləri Nazirə Dəmirova, Sədrəddin Muradov, Təranə Vəliyeva, Gülşən Əmirova məruzə edərək qeyd ediblər ki, Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarından otuz il ötür. Xalqımız hər il 20 Yanvar gününü böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb.
Daha sonra tədbir iştirakçıları 20 yanvar hadisələrindən geniş söhbət açıb. Həmçinin məktəblərin şagirdləri 20 Yanvar hadisəsinə həsr olunmuş şeirlər səsləndirib və kompozisiyanı nümayiş etdiriblər.
Şəhər ümumtəhsil məktəblərində “20 Yanvar” faciəsi ilə bağlı tədbirlər davam edir.