Naftalanda yeni turizm-sağlamlıq mərkəzləri tikilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi və yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır. Son illərdə Naftalanda görülən işlər nəticəsində buraya gələn turistlərin sayında qeydə alınmış artım dinamikası şəhərdə yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.
Hazırda şəhərdə 3 yeni turizm mərkəzinin tikintisi aparılır.
Şəhərin Nizami Gəncəvi küçəsində yerləşən dördmərtəbəli 288 yerlik Gold Naftalan. mərkəzi 144 otaqdan ibarətdir. Həmçinin mərkəzin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə həkim otaqları, 108 yataq otağı və mansard hissədə 36 yataq otağı var.
Bundan başqa tikintisi aparılan Nizami küçəsi 11 ünvanda yerləşən dördmərtəbəli yeni sanatoriya kompleksidir. 88 otaqlı 192 yerlik bu sanatoriyanın zirzəmi mərtəbəsində texniki otaqlar, idman zalı, masaj otaqları, anbar otaqları, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, həkim otaqları, çamaşırxana, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə 67 yataq otağı, mansard hissədə isə 21 yataq otağı var.
Hazırda tikinti işləri davam etdirilən daha bir müasir sanatoriya R.Zülfiqarov küçəsi 64A ünvanında yerləşir. Bu yeni kompleks bir beşmərtəbəli müalicə-poliklinika korpusundan və 88 otaqlı 176 yerlik olmaqla bir beşmərtəbəli yataq korpusundan ibarətdir. Müalicə-poliklinika korpusunun zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, anbar, 1-ci mərtəbədə vanna və tibb bacısı otaqları, 2-ci və 3-cü mərtəbələrdə həkim və personal otaqları, 4-cü mərtəbədə isə yeməkxana olacaq.
Qeyd edək ki, hazırda Naftalanda 11 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. 2019-cu ildə şəhərə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatmışdır. Onlardan təxminən 40 faizi xarici ölkələrdən gələnlər olub.
Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək mümkün olacaq. Həmçinin turizm obyektlərində işləyənlərin sayı 1500-ə çatacaqdır.