Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naftalan şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzovun şəhər sakinlərinə təbriki

01 yanvar 2020 | 01:00

Əziz naftalanlılar!
    Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, 2020-ci il hər birinizə möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və bol ruzi-bərəkət bəxş etsin. Bildiyiniz kimi xalqımız 31 dekabrda iki  bayram günü yaşayır. Belə ki, 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə yanaşı Yeni ilin gəlişi də böyük sevinclə qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hər birimiz üçün əziz və doğma olan bu bayram Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Artıq 28 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edir.
   Müasir Azərbaycanın qurucusu, Ümummilli lider  Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.    
     Yola salmağa hazırlaşdığımız 2019-cu il Naftalan şəhəri üçün sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla əlamətdar və yadda qalan olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi  Naftalan kurort şəhərində də sosial problemlərin, insanları narahat edən məsələlərin həllinə diqqət və qayğı artırılmışdır.
     Qarşıdan gələn 2020-ci  ildə də ölkə Prezidenti cənab İlham Əliyevin  göstəriş və tövsiyələrinə uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq, nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcək və əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir. Şəhərimizdə geniş tikinti quruculuq işlərinin aparılması, sosial xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması əsas prioritetlərimizdən olacaqdır. Bunun üçün hər birimizdən şəxsi məsuliyyət, yüksək intizam, gərgin və səmərəli iş tələb olunur.
      Hörmətli şəhər sakinləri!
     Mən bir daha sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir ailəyə səadət, möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar  arzulayıram.
      Bayramınız mübarək olsun!

Keçidlər