Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sakinlərlə ilk səyyar görüşünü keçirib.
18 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov vətəndaşlarla ilk səyyar görüşünü İsa Məmmədov məhəlləsinin sakinləri ilə keçirib.
Məhəllənin girişində təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhər Bələdiyyəsinin sədri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və məhəllə sakinləri iştirak ediblər.
Görüşdə şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verdi və qeyd etdi ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Səyyar qəbul zamanı sakinlər onları narahat edən müxtəlif məsələlərlə bağlı şəhər rəhbərinə müraciət edərək təklif və problemlərini söyləyib. Səsləndirilmiş hər bir müraciətə aydınlıq gətirilmiş, bəzi məsələlər yerində həllini tapmış, digər müraciətlərin həlli ilə bağlı əlaqədar qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirərək ölkə başçısının həyata keçirdiyi siyasi kursa birmənalı sadiq olduqlarını ifadə ediblər.