Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhər ağsaqqalları ilə görüşüb
05 dekabr 2019-cu il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov şəhər ağsaqqalları ilə görüşüb. Görüşdə elm, səhiyyə, mədəniyyət və digər sahələri təmsil edən ağsaqqal ziyalılar iştirak edib.
İcra başçısı ölkə başçısının xüsusi diqqəti sayəsində Respublikamızın bütün bölgələri kimi Naftalan şəhərinin də son illər sürətli inkişaf yolu keçdiyini və şəhərin əvvəlki illərlə müqayisədə tanınmaz dərəcədə dəyişdiyini qeyd edib. Vurğulanıb ki, turizmin inkişafı ilə yanaşı şəhərin bütün infrastrukturu yenilənib. Bir sıra işlərin də tez bir zamanda həyata keçirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Həmçinin şəhər rəhbəri şəhərin ağsaqqalları - zəngin həyat və iş təcrübəsi, əhali arasında hörmətə malik şəxslərlə görüşməyin çox xoş olduğunu bildirərək qeyd edib ki, fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işimizə ancaq müsbət təsir göstərəcək. İnsanların sosial həyatının yaxşılaşması və şəhərimizin dünya səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi məqsədilə var qüvvəmiz ilə çalışmalıyıq.
Ağsaqqallar şəhərin bəzi küçələrinin asfaltlaşdırılması və yolların genişləndirilməsi, yeni xeyir-şər evinin tikintisi, yaşıllıqların qorunub saxlanılması, Qələbə parkının işıqlandırılması və elektrik təsərrüfatında yarımçıq qalmış işlərin başa çatdırılmasını və sair həlli vacib hesab olunan məsələlərlə bağlı təkliflərini bildiriblər.
Görüşdə çıxış edən ağsaqqallar V.Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi münasibəti ilə təbrik edib, ona işlərində uğular arzulayaraq şəhərin inkişafı üçün daima yanında olacaqlarını və əllərindən gələn köməkliyi göstərəcəklərini qeyd ediblər.
Görüşün sonunda ağsaqqallar tərəfindən irəli sürülən təkliflərlə və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən Sədrəddin Muradov, Hatəm Qocayev, Köçəri Əhmədov və başqaları ölkəmizin hər bir bölgəsində olduğu kimi, Naftalan kurort şəhərində də görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.