Naftalanda yeni turizm-sağlamlıq mərkəzləri tikilir
Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.
Hazırda şəhərdə 3 yeni turizm mərkəzinin tikintisi aparılır.
Şəhərin Nizami Gəncəvi küçəsində yerləşən mərkəzin ərazisi 1 hektar, ümumi sahəsi 8450 kvadratmetr, tikintialtı sahəsi 1560 kvadratmetrdir. Dördmərtəbəli mərkəz 144 otaq, 288 yerdən ibarətdir. Həmçinin mərkəzin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə həkim otaqları, 108 yataq otağı və mansard hissədə 36 yataq otağı var.
Bundan başqa tikintisi aparılan, ərazisi 0,63 hektar, ümumi sahəsi 4628 kvadratmetr və tikinti altı sahəsi 880 kvadratmetr olan dördmərtəbəli Nizami küçəsi 11 ünvanda yerləşən yeni sanatoriya kompleksidir. 88 otaqlı 192 yerlik bu sanatoriyanın zirzəmi mərtəbəsində texniki otaqlar, idman zalı, masaj otaqları, anbar otaqları, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, həkim otaqları, çamaşırxana, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə 67 yataq otağı, mansard hissədə isə 21 yataq otağı var.
Hazırda tikinti işləri davam etdirilən daha bir müasir sanatoriya R.Zülfiqarov küçəsi 64A ünvanında yerləşir. Ərazisi 0,8676 hektar, ümumi sahəsi 8716 kvadratmetr, tikinti altı sahəsi isə 1570 kvadratmetr olan bu yeni kompleks bir beşmərtəbəli müalicə-poliklinika korpusundan və 88 otaqlı 176 yerlik olmaqla bir beşmərtəbəli yataq korpusundan ibarətdir. Müalicə-poliklinika korpusunun zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, anbar, 1-ci mərtəbədə vanna və tibb bacısı otaqları, 2-ci və 3-cü mərtəbələrdə həkim və personal otaqları, 4-cü mərtəbədə isə yeməkxana olacaq.
Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizindən çox hissəsini təşkil edir.