Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi.

18 oktyabr 2013 | 15:00

17 oktyabr 2013-cü il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2013-cü ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat iclası keçirildi.
      Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdi. İclası giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki,  ötən müddət ərzində Respublikanın digər bölgələri kimi Naftalan şəhərində də mühim işlər görülmüş və nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir.
     2013-cü ilin doqquz ayında keçən  ilin müvafiq dövrü ilə müqayisədə şəhərdə ümumi məhsul buraxılışının həcmi 2 dəfə artaraq 13122.1 min manat, sənaye məhsulunun həcmi 13.2 faiz artaraq 1070.6  min manat olmuşdur. Şəhərin nəqliyyat sahəsində görülən işlərin həcmi 193.1 min manat, rabitə sahəsində göstərilən xidmətlər 109.2 min manat təşkil etmişdir. Əhaliyə 7952.9 min manatlıq pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 10851.6 min manat,  bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 17 faiz artaraq 256 manat olmuşdur. Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 3523.8  min manat, xərcləri isə 2964.2  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 1680.2  min manat nəzərdə tutulduğu halda  1783.8 min manat olmuşdur, yəni planda nəzərdə tutulduğundan 103.5 min manat çox vəsait daxil olmuşdur.
      Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 43 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilmişdir. Ötən müddətdə sığorta edənlərdən faktiki daxilolma 677.7 min manat olmuşdur. Şöbənin pensiya və müavinətlər üzrə xərci 1989.5 min manat olmuş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır. Doqquz ayda Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində 78 ailənin 327 ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardım təyin edilmişdir. İşlə təmin olunmaq məqsədilə şəhər Məşğulluq Mərkəzinə müraciət etmiş 169 nəfərdən 128 nəfərinin daimi işlə təmin olunmasına köməklik göstərilmiş, 4 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 
      Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və idman sahəsi də daim şəhər İcra Hakimiyyətinin diqqət mərəkəzində saxlanılmışdır. Təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, məktəblərin XI sinif şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə Respublikada ən yüksək nəticəni göstərərək I yeri tutmuşlar.
      Hesabat dövründə şəhər Mərkəzi Xəstəxanasında xüsusi təhlükəli yolxucu xəstəliklər qeydə alınmamışdır.                                                                                                                               
      Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmiş, bir çox bayram günlərində isə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün konsert proqramları və kompozisiyalar  təşkil olunmuşdur. Bundan başqa Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumşəhər tədbiri keçirilmişdir. 
     Qarabağ sanatoriyasında  son tamamlama işləri aparılır. Yaxın günlərdə şəhərdə  280 yerlik körpələr evi-uşaq baxçası öz sakinlərinin istifadəsinə veriləcəkdir. Bundan başqa bu dövrdə Naftalan Bələdiyyəsi üçün yeni inzibati binanın  inşasına başlanılmışdır. Son illərdə şəhərimizdə abadlıq və quruculuq işləri davam etdrilir. Bu günə kimi şəhərin çoxmərtəbəli yaşayış binalarından 11-nin fasad hissəsi əsaslı təmir olunmuşdur. Hazırda 1 nömrəli çoxmərtəbəli yaşayış binasının fasadında,  Qələbə parkında  da əsaslı təmir işlərinə başlanılmışdır.
      2013-cü ilin ötən doqquz ayı ərzində 21 cinayət hadisəsi baş vermiş və həmin cinayətlərin açılması  95 % təmin edilmişdir. Ağır  və xüsusilə ağır cinayət hadisəsi qeydə alınmamışdır.
        Daha sonra Natiq Aslanov bildirmişdir ki, cari ilin mart ayının 20-də Naftalan şəhərinin müasir tarixində daha bir yeni səhifə açıldı. Qeyd etdiyim tarixdə Naftalan şəhəri Fransa Respublikasının Leql şəhəri ilə yanaşı  İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq imkanlarını müzakirə etmiş və əməkdaşlıq protokolu imzalamışdır.
Bundan başqa hesabat dövrünə təsadüf edən 10 sentyabr 2013-cü il tarixini xüsusi qeyd etmək istəyirəm. Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev 3-cü dəfə Naftalan şəhərinə səfər etdi. Səfər çərçivəsində  cənab İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmiş, daha sonra yenidən qurulmuş Heydər Əliyev parkında inşa olunmuş  Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmiş və Mərkəzdə yaradılmış şəraitlə tanış olmuşdur. Prezident Naftalana səfəri çərçivəsində “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə də tanış oldu və tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını vermişdir.
      Qeyd edilmişdir ki, ölkə başçısı Naftalana səfərindən sonra  şəhərin sosial-iqtisadi inkişafı və ən mühimi şəhərimizdə  yeni xəstəxananın tikintisi barədə Sərəncamlar  imzalamış və müvafiq tapşırıqlarını vermişdir.
      Naftalanlılar və şəxsən öz adımdam  şəhərimizin tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərilən diqqət və qayğıya, isti münasibətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.    
       Hesabat dövrünə təsadüf edən mühim hadislərdən biri də Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri olmuşdur ki, həmin gün  Naftalan şəhərinin seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirmiş və hər zaman olduğu kimi bu dəfə də öz layiqli namizədlərinə səs vermişlər. Eyni zamanda seçkilərin gedişini müşahidə edən istər beynəlxalq, istərsə də yerli müşahidəçilər üçün geniş imkanlar yaradılmışdı.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq  Aslanov müzakirə edilən məsələ ilə əlaqədar çıxışına yekun vuraraq qeyd etmişdir ki, 2013-cü ilin doqquz ayı Naftalan şəhəri üçün uğurlu olmuş və görülən işlər onu göstərir ki, kurort şəhəri getdikcə daha da gözəlləşəcək, yeni-yeni uğurlara imza atacaq və yaxın gələcəkdə dünya kurort şəhərləri sırasında ən yüksək yerdə duracaqdır.
     Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2013-cü ilin doqquz ayında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S. Tağıyev,  şəhər Təhsil şöbəsinin müdiri İ.Əsgərov çıxış etdilər.

Keçidlər