Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşlarla görüşüb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, sentyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.
Görüşdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımları diqqətə çatdırıb. Hərbi hissələrlə sıx əməkdaşlıq, hərbi hissələrdə konsert proqramlarının və səyyar kitabxanaların təşkil olunmasının vacibliyi vurğulanıb. Nazir həmçinin bölgəyə gələn turistlərin mədəniyyət müəssisələrinin göstərdiyi xidmətlərdən yararlanması, istirahət mərkəzlərində səyyar kitabxanaların təşkil olunması və digər bu kimi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.
Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.
Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilmişi, işlə təmin olunma barədə müraciətlər olub.