Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olundu.

07 avqust 2019 | 16:00

  07 avqust 2019-cu il tarixdə keçirilən hesabat yığıncağında idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri,ŞİHB-nin kənd və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, ziyalılar, iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.
       Hesabat dövründə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artaraq 11 mln 563  min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 7,8 faiz artaraq 1 mln 191 min manat təşkil etmişdir. Əhaliyə göstərilən  nəqliyyat və anbar təsərrüfatı xidməti 1,8 faiz artaraq 156 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 12 mln 850 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 6 faiz artaraq 11 mln 186  min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti  ötən ilin  birinci yarısına  nisbətdə 6 faiz artaraq 116 min  manat  olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 14,5 faiz artaraq  670 min manat, tikinti işləri isə 5 mln 813 min manat təşkil etmişdir. İqtisadi artım əhalinin əmək haqqı gəlirlərində özünü aydın şəkildə göstərmiş, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin 6 ayı ilə  müqayisədə 13,2 faiz artaraq 395,7 manata yüksəlmişdir.
       Şəhərin yerli büdcəsinin mədaxil hissəsi 1 mln 321,7  min manat planlaşdırıldığı halda yerli mənbələrdən daxil olan gəlirlər hesabına 1 mln 483,3 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 12,2 faiz və ya 161,6 min manat artıq vəsait daxil olmuşdur.
     Ötən ilə təsadüf edən və şəhər əhalisinin böyük sevincinə səbəb olan ən mühüm hadisə ötən ilin iyun ayının 05-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan şəhərinə 5-ci dəfə növbəti səfəri və  səfərdən sonra verdiyi  tapşırıq olmuşdur.  Belə ki, ölkə başçısı Naftalana səfərindən sonra şəhər üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 uşağın məktəbəqədər təhsilə cəlb olunma imkanı olduğunu nəzərə alaraq yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq sərəncam imzalamışdır.
     Həmin Sərəncama əsasən hesabat dövründə yeni körpələr evi-uşaq bağçasının tikintisi işləri davam etdirilmişdir.
    Hesabat dövründə köhnə şəhər xəstəxanasının iki inzibati binası təmir edilərək mədəniyyət müəssisələrinin istifadəsinə verilmişdir.
       Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq  Naftalanda 60 çarpayılıq yeni  Mərkəzi xəstəxananın tikilib istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin yüksəlməsinə səbəb olmuşdur. Mərkəzi Xəstəxana bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.
     Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalmış, 511 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 288 nəfər işlə təmin olunmuşdur. Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın  vətəndaş işləyir.
     Həmçinin dövlət başçısının yeni iş yerlərinin açılması ilə bağlı sosial təşəbbüsü əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar, eləcə də abadlıq və təmizlik işləri üzrə Naftalanda 227 nəfər işlə təmin olunmuşdur.
    Onlardan 24-ü SOCAR-da, 25-i Naftalan Elektrik Şəbəkəsində, 3-ü Azərenerji ASC-də, 175 nəfəri  isə KTİB-də abadlıq və təmizlik işləri üzrə qeyri-daimi işlərə cəlb edilmişdir.  
    Ölkə başçısının sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün imkanlar yaradılması və bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınması, investorların cəlb edilməsi və yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları istiqamətində işlər davam etdirilmiş, bir çox investorların ŞİH-nin Memarlıq və Tikinti şöbəsinə təqdim etdikləri tikinti layihələrinə şöbə tərəfindən qanunamüvafiq qaydada baxılmış, tikinti norma və qaydalarının tələblərinə cavab verən, şəhərin görkəminə xələl gətirməyən layihələrin icrasına icazə verilmiş və tikintiyə başlanılması üçün prosedura uyğun olaraq aidiyyəti üzrə müraciətlər ünvanlanmışdır.
     Hazırda şəhərdə 10 mərtəbəli yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində 35 nəfər çalışır.
Naftalanda yenidən qurulan daha  bir sağlamlıq və istirahət mərkəzi də “Naftalan Hotel & SPA”dır. Son tamamlama işləri aparılan 10 mərtəbəli, 172 yerlik bu mehmanxananın təmir və tikintisində 40 nəfər müvəqqəti işlə təmin edilib.
      Şəhərin Nizami küçəsində inşa edilən 4 mərtəbəli, 288 yerlik “Gold Naftalan” sağlamlıq və istirahət mərkəzində də tikinti işləri davam etdirilir. Müalicə və istirahət mərkəzinin tikintisində 20 işçi çalışır.
   Hesabat dövründə inşasına başlanılan yeni 176 yerlik "Naftalan sanatoriya kompleks"i iki binadan, bir ədəd 5 mərtəbəli müalicə və poliklinika, bir ədəd 6 mərtəbəli yataq kospusundan ibarət olacaq. Sanatoriya kompleksinin tikintisində hazırda 15 nəfər işçi çalışır.
   25 çarpayılıq Naftalan şəhər Əlillərin Regional Bərpa Mərkəzində  əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir. 
   Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar konkret vəzifələr müəyyənləşdirilərək icrasına başlanılmışdır. Belə ki, çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlərin həyata keçirilməsi, xüsusi qaldırıcı texnika cəlb olunaraq sıradan çıxmış yağış suları axıdılan navalçaların yenilənməsi, eyni zamanda şəhərdaxili yağış su barmaqlıqlarının təmizlənməsi tapşırıq olaraq qarşıya qoyulmuşdur.
   Şəhərdaxili küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, abadlıq-quruculuq işləri davam etdirilmişdir.
   Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat ilində davam etdirilmişdir. Bugünədək 21 çoxmənzilli yaşayış binasının girişləri əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Pilləkən və məhəccərlər  təmir edilmişdir. Qeyd olunan işlərin mərhələli şəkildə digər binalarda  da aparılması nəzərdə tutulmuşdur.
    Bundan başqa “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq Sərəncamına əsasən yaxın günlərdə şəhərdəki 3 doqquzmərtəbəli yaşayış binasının liftində təmir işləri həyata keçiriləcəkdir.
    Hesabat dövrü ərzində şəhər əhalisinin və turistlərin daha rahat, gözəl  istirahəti üçün mərhələli şəkildə şəhərin Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov parklarında təmir işləri davam etdirilmişdir.
     Şəhər iqtisadiyyatının əsasını təşkil edən turizim sahəsinin cari ilin birinci yarısı üzrə göstəricilərinə əsasən deyə bilərik ki, sözügedən sahənin dinamik inkişafı davam etdirilmişdir.
   Dövlət başçısının diqqət və qayğısı sayəsində son illər şəhərimizdə həyata keçirilən nəhəng layihələr nəinki ölkə sakinlərinin, eləcə də xarici turistlərin bu nadir kurort şəhərinə marağını xeyli artırıb.
   2019-cu ilin 6 ayı ərzində şəhərin turizm obyektlərində 14476 nəfər turist qeydə alınmışdır ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə  17 faiz çoxdur.
   Onlardan  5345 nəfəri dünyanın digər ölkələrindən gələnlər olmuşdur. Bu da onu göstərir ki, Naftalna gələn turistlərin təxminən 37 faizi əcnəbilərdir. Ölkə başçımızın qeyd etdiyi kimi, Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk. 
          Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxışına yekun vuraraq qeyd etmişdir ki, Naftalanın bundan sonrakı inkişafı da dövlətin diqqət mərkəzindədir. Odur ki,  bundan sonra da sakinlərin rifah halının və güzəranının gündən-günə yaxşılaşdırılması, eləcə də şəhərin inkişafı üçün vacib olan tədbirlər görüləcək, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcəkdir.
          Şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2019-cu ilin birinci yarısında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, şəhər Təhsil şöbəsinin müdiri Rəna Dəmirova çıxış etdilər.

Keçidlər