Naftalanda Milli Qurtuluş günü qeyd olundu.
Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri,şəhər ictimaiyyəti,yerli və xarici qonaqlar da iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Arzu Məmmədov qeyd edib ki, müstəqil Azərbaycanımızda yaşanan 15 iyun – Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Daha sonra Heydər Əliyev Meydanında “15 iyun –Milli Qurtuluş Günü” münasibətilə ümumşəhər bayram konserti təşkil edilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivinin çıxışları şəhər sakinlərin,yerli və xarici qonaqların alqışları ilə qarşılanıb. Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımovanın canlı ifası tədbirə toplaşanlara xoş ovqat bəxş etdi.
Əsl bayram əhval-ruhiyyəsi yaşanan tədbirin sonunda atəşfəşanlıq olmuşdur.